Ölkəmizin Avroviziya Mahnı Müsabiqəsindəki onuncu təmsilçisi Dihaj müsabiqənin final mərhələsinə vəsiqə qazanıb. 

Dünən düyanın ən böyük mahnı müsabiqəsi hesab edilən Avroviziya Mahnı Müsabiqəsinin 62-ci mövsümünün birinci yarımfinalı Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutub.

On səkkiz ölkənin mübarizə apardığı birinci yarımfinalda ölkəmizi İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları “Skeletons”adlı mahnı ilə Dihaj (Diana Hacıyeva) təmsil edib. Kiyev Beynəlxalq Sərgi Mərkəzinin səhnəsinə 8-ci nömrə altında çıxan Dihaj geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. Müsabiqə fanatları və jurnalistlər tərəfindən qalibiyyətə namizəd göstərilən Dihaj, heç şübhəsiz ki, gecənin ən yadda qalan çıxışına sahib oldu.

Gecənin sonunda profesional münsiflər heyətinin və xalqın səsləri ilə 10 ölkə May ayının 13-də keçirləcək final mərhələsinə vəsiqə qazanıb:

  1. Moldova
  2. AZƏRBAYCAN
  3. Kipr
  4. Yunanıstan
  5. Polşa
  6. Ermənistan
  7. Avstraliya
  8. Portuqaliya
  9. İsveç
  10. Belçika

Gecənin ən çox alqışı Azərbaycan və İsveç təmsilçiləri ilə yanaşı Portuqaliya təmsilçisi  Salvador Sobral üçün səslənib. O, bacısı Luisa tərəfindən bəstələnilən “Amar Pelos Dois” adlı mahnını portuqal dilində ifa edib. Qeyd edək ki, Salvador Sobral səhhəti ilə bağlı problemlər yaşayır və müsabiqədə iştirakı sual altında idi.

Müsabiqə fanatlarını məyus edən hal isə Finlandiyanın və Latviyanın finala keçə bilməməsi oldu.

Birinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında finala vəsiqə qazanmış 10 ölkənin finaldakı səhnəyə çıxış sırası da məlum olub. Dihaj May ayının 13-də baş tutacaq final şousunun birinci hissəsində çıxış edəcək.

There are currently no comments.