Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə may ayında keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Rusiyanı təmsil edəcək Yuliya Samoylovanın Ukrayna ərazisinə daxil olmağına qadağa qoyub.

Buna səbəb kimi Rusiya təmsilçisi Yuliya Samoylovanın 2015-ci ildə Krıma “qanunsuz” səfəri və orda çıxış etməsi göstərilib.

Rusiya xarici işlər nazirliyindən bir mənbə Ria-Novosti xəbər agentliyinə qərarın “alçaldıcı və qeyri-insani” olduğunu deyib.

Avropa Yayım Birliyinin açıqlaması:

Ev sahibi ölkənin daxili qanunlarına riayət etməliyik bununla belə, müsabiqənin ruhuna və dəyərlərinə zidd olan bu qərardan məyus olduğumuzu bildiririk. May ayında Kiyevdə keçiriləcək müsabiqədə bütün təmsilçilərin iştirak edə bilməsi üçün Ukrayna hakimiyyəti ilə dialoqumuzu davam etdirəcəyik.

Rusiyanı bu il müsabiqədə “Flame Is Burning” adlı mahnı ilə mayın 11-də  keçiriləcək ikinci yarımfinalda Yuliya Samoylova təmsil edəcəkdi.

Uşaqlıqdan 1-ci qrup əlil olan Yuliya Samoylova əlil arabası ilə hərəkət edir. İlk böyük qələbəsini Alla Puqaçovanın “Faktor A” layihəsində əldə etmiş müğənni 2014-cü ildə Soçidə Paralimpiya Oyunlarının açılışında da iştirak edib.

Ukraynaya “Eurovision 2017” müsabiqəsini keçirmək haqqını ötən il İsveçdə keçirilən müsabiqədə müğənni Camalanın qələbəsi qazandırıb.

Kiyevdə “Eurovision 2017” Müsabiqəsində 43 ölkənin nümayəndələri iştirak edir. Müsabiqənin yarımfinalı mayın 9 və 11-də, finalı – 13-də keçiriləcək.

 

 

There are currently no comments.