Bildiyiniz kimi, ölkəmizi 62-ci Avroviziya Mahnı Müsabiqəsində musiqisi Isa Məlikova, sözləri Sandra Bjurmana məxsus “Skeletons” adlı mahnı ilə Diana Hacıyeva (Dihaj) təmsil edəcək.

PrimeTime.Az  saytı bu məqsədlə tanınmışlar, həmçinin ölkəmizi mötəbər mahnı müsabiqəsində təmsil edən ifaçılar arasında sorğu keçirib.


Zəhra Bədəlbəyli (Avroviziya üzrə Azərbaycanın keçmiş musiqi koordinatoru)

“Diana çox istedadlı gəncdir. Onunla uşaqlıqdan tanışıq. Həmin illərdə o, “Bəri bax” qrupunda, mən isə başqa bir qrupda ifa edirdim. İnanıram ki, Diana bizi çox gözəl təmsil edəcək. Çünki özünəməxsus üslubu var. Mahnıya gəldikdə isə maraqlı iş ərsəyə gəlib. Diananın ifası da onu tamamlayır”.

 

Leyla Quliyeva (Teleaparıcı):

 

 
“Diana ilə tələbə yoldaşı olmuşuq. O, peşəkar musiqiçidir. Mən onu tam fərqli ampuladan tanıyıram. Diana xor dirijorudur. Musiqini çox yaxşı hiss edən biridir. Azərbaycan estradasında Dianaya qədər onun təmsil etdiyi janrda boşluq var idi. O, xarici görkəmi və musiqi duyumu ilə çox unikal bir müğənnidir. Ona görə də sözsüz ki, Diananı “Eurovision” səhnəsində layiqli təmsilçi kimi görürəm. Ondan öncəki təmsilçilərdən fərqli bir çıxış sərgiləyəcək. Amma bu təkcə Dianadan asılı olan bir iş deyil. Onu yönləndirən böyük komanda olacaq. Yəqin ki, həmin komanda onun mövcud üslubunu saxlayacaq. Mən hər zaman demişəm. Həmin səhnəyə çox istedadlı, qeyri-oedinar, fövqəltəbii istedada malik müğənni çıxa bilər”.

 

Nigar Camal (“Eurovision 2011” qalibi)

“Düşünürəm ki, çox maraqlı olacaq. Bilirsiniz niyə? Çünki ilk dəfədir ki, bu formatda bir müğənnini biz “Eurovision”a göndəririk. Mənim üçün vacibdir ki, hər il fərqli tərzdə olan biri bizi təmsil etsin”.

 

Eldar Qasımov (“Eurovision 2011” qalibi):

“Onun özünəməxsus ifa və mahnılarını dinləyiciyə çatdırma tərzi var. Sizə səmimi bir söz deyim. Mahnını ilk dəfə dinləyən zaman ürəyimə yatmadı. Amma daha sonra televiziya və radio efirlərindən dinləyəndə çox bəyəndim. Mahnı avropa-pop tərzindədir. Bəstədə hər şey yüksək səviyyədədir. Aranjiman, təqdimat və klip çox gözəldir”.

 

Hüsniyə Məhərrəmova (Nümayəndə heyətimizin keçmiş rəhbəri):

“Diana indiyə kimi ölkəmizi təmsil edənlər arasında ən peşəkar musiqiçidir. Onun öz tərzi var, irəli gedir və indiyədək pula, şöhrətə görə öz tərzini dəyişmir. Çox peşəkar, müasir və alternativ ifaçıdır. Mahnıda ona tam uyğundur. Fikrimcə, ifa, bəstə, klip biri-birini tamamlayır”.

 

Murad Arif (Bəstəkar-müğənni):

“Diananı ilk addımlarından tanıyıram. Bilirsiniz ki, “Bəri bax” qrupunda çıxış edib. Yetəri qədər təcrübəli musiqiçidir. Dünya musiqisində olduqca peşəkardır. Həm də onun rok keçmişi var. İctimai TV-də aparıcısı olduğum “Qaraj” verilişində rok performanslar göstərib. Onun “Eurovision”da ölkəmizi təmsil etməsini hər zaman istəmişəm. Çünki format etibarilə qərb musiqisinə çox yaxındır və bizi layiqincə təmsil edəcəyinə əminəm. Müasir tendensiyalara gəlincə isə hazırda dünyada Sia adlı müğənni populyardır. Diananın da həm stilistikasında, səhnə davranışında və saç tərzində ona bənzərliyi var. Deyə bilərəm ki, mahnı müsabiqəsi dəbdə olan trendlərin parodiyasıdır. O baxımdan Avropa ölkələri Diananı isti qarşılayacaq. Çünki D.Hacıyeva onlara tanış olan obrazdır. Mahnımıza gəldikdə isə çox sevinirəm ki, uzun illərdən sonra dostum, qardaşım saydığım və ən əsası Azərbaycan bəstəkarına müraciət olunub. İsa Məlikova uğurlar arzu edirəm. Sizə onu da deyim ki, bu işdə ən çox İsa Məlikova azərkeşlik edəcəyəm. Çox istəyirəm ki, onun mahnısı yüksəklərə ucalsın. Çox cazibədar bəstədir. Sözün yaxşı mənasında mənə “Tatu” qrupunun müəyyən işlərini xatırlatdı. Diananın da özünə yaraşan mahnıdır. Ümid və dua edəcəyəm ki, İ.Şükürovun bu işi isti qarşılansın. Yetər əcnəbilərə müraciət etdik. Öz uşaqlarımıza nə gəlib ki?”.

There are currently no comments.