Almaniya Eurovision 2017 Mahnı müsabiqəsinə iştirakını təsdiqləyən ilk ölkələrdən biri idi. Daha sonra verilən açıqlamaya görə Almaniya öz Eurovision 2017 təmsilçisini Unser Song 2017 adlı müsabiqə ilə seçəcəkdi və belə də oldu. Müsabiqənin finalı 9 fevral tarixində Köln Mülheim studiyalarında gerçəkləşti. Aparıcı isə ənənəvi olaraq Barbara Schöneberger idi.

Unser Song 2017 üçün yalnız online müraciətlər qəbul edildi və müraciət edənlər yalnız solo müğənnilər olmalı idilər. Bunun səbəbi isə kanal tərəfindən milli final üçün artıq iki mahnının yazdırılması idi ki, bu mahnıları yalnız solo müğənnilər səsləndirə bilərdilər. 5 noyabr 2016 tarixində Kölndə, 12 noyabr 2016 tarixində isə Hamburg şəhərində kastinqlər keçirildi. İştirakçılara həmçinin 14 sentyabr və 18 noyabr 2016 tarixləri arası özlərini YouTube video portalında təqdim etmək imkanı verildi ki,  iştirakçılar özlərinə aid videoklipləri izləyənlərə nümayiş etdirdilər.

Toplam 2493 müraciət qəbul olundu. NDR, ADR və Raab Tv-dən olan mütəxəssislər eləcə də drijor Wolfgang Dalheimer son kastinq üçün 33 iştirakçını seçdilər. 33 iştirakçı arasında həmçinin Nathan Trentin də adı var idi. Lakin Nathanın Avstriyanı təmsil edəcəyi məlum olduqdan sonra Nathan Alman milli finalından xaric olundu. Çünki EBU qərarlarına əsasən bir iştirakçı il ərzində yalnız bir ölkəni təmsil edə bilərdi. 6 yanvar 2017 tarixində Unser Song 2017 müsabiqəsinin 5 finalçısı ictimaiyyətə açıqlandı. Bunlar – Axel Fegie, Felicia Lu Kürbiß, Helene Nissen, Levina və Sadi idi. Sadinin məhkəmə işi ilə əlaqədar itirakçı milli finaldan uzaqlaşdırıldı və 17 yanvar 2017 tarixində onun yerinə Yosefin Buohlerin  iştirakı təsdiqləndi.

1 fevral 2017-ci il tarixdə isə milli finalda yarışacaq iki mahnı ictimaiyyətə təqdim olundu. Bu mahnıların hər ikisi kanal tərəfindən amerikan bəstəkarlara yazdırılmışdı. Finalda yarışan mahnılar bunlar idi:

  • “Perfect Life” – Lindsey Ray, Lindy Robbins, Dave Bassett
  • “Wildfire”  – Tofer Brown, Marit Larsen, Greg Holden

Final şousu 9 fevral tarixində keçirildi və dörd turdan ibarət idi. Finalda həmçinin Eurovision 2010 qalibi Lena, alman müğənni Tim Bendzko və aparıcı Florian Silbereisendən ibarət münsiflər heyəti də var idi. Lakin münsiflər heyəti yalnız şərh bildirirdi. Müsabiqə nəticələri yalnız tamaşaçı səslərinə görə hesablanırdı.

İlk turda 5 iştirakçı dünyaca məşhur müğənnilərin mahnılarını özlərinə uyğun tərzdə ifa etdilər. İlk turdan 3 iştirakçı növbəti mərhələyə adladı. İlk turun nəticələri belə idi:

  1. Helene Nissen  – “Folsom Prison Blues” (Johnny Cash) – 49,964 səs – 2-ci yer
  2. Yosefin Buohler  – “Love On Top” (Beyoncé) – 12,748 səs – 5-ci yer
  3. Felicia Lu Kürbiß  – “Dancing On My Own” (Robyn) – 13,139 səs – 4-cü yer
  4. Axel Feige – “You Know My Name” (Chris Cornell) – 39,242 səs – 3-cü yer
  5. Levina – “When We Were Young” (Adele) – 89,156 səs – 1-ci yer

İkinci turda isə bu mərhələyə adlayan 3 iştirakçı potensiyal Eurovision mahnılarından biri olan “Wildfire” mahnısını müxtəlif formalarda təqdim etdilər. Bu turdan isə 2 iştirakçı növbəti mərhələyə adladı. İkinci turun nəticələri belə idi:

  1. Helene Nissen – “Wildfire” – 41,459 səs – 3-cü yer
  2. Axel Feige – “Wildfire” – 47,639 səs – 2-ci yer
  3. Levina – “Wildfire” – 79,811 səs – 1-ci yer

Üçüncü turda isə ikinci mərhələyə adlayan iştirakçılarla yanaşı onların səsləndirdiyi ikinci potensial Eurovision mahnısı olan “Perfect Life” bir yerdə yarışdı. Növbəti mərhələyə iki mahnı adladı. Üçüncü turun nəticələri belə idi:

  1. Axel Feige – “Perfect Life” – 57,631 səs – 3-cü yer
  2. Levina – “Perfect Life” – 60,474 səs – 2-ci yer
  3. Axel Feige – “Wildfire”  – 36,266 səs – 4-cü yer
  4. Levina – “Wildfire” – 124,326 səs – 1-ci yer

Üçüncü turda surpriz bir şəkildə son tura yalnız Levinanın mahnıları adladı. Və Almaniyanın təmsilçisi Levina elə 3-cü turda seçildi. Dördüncü (Son) turda isə Levina hər iki mahnını yenidən səsləndirdi və qalib “Perfect Life” mahnısı seçildi. Dördüncü turun nəticələri belə idi:

  1. Levina – “Wildfire” – 45,285 səs (31.08%) – 2-ci yer
  2. Levina – “Perfect Life” – 100,407 səs (68.92%) – Qalib

Müsabiqənin interval şoularında alman müğənni Matthias Schweighöfer, juri üzvü Tim Bendzko özlərinin son mahnılarını ifa etdilər. Sonda isə Eurovision 1982 qalibi Nicole (Almaniya), 2004 qalibi Ruslana (Ukrayna) və 2014 qalibi Konçita Vurst (Avstriya) Eurovision tarixindən Merci, Chérie (1966), Euphoria (2012) və Satellite (2010) mahnılarından medley ifa etdilər.

Şəkil: Stijen Smulders (EBU)
There are currently no comments.